BakStone.AZ
Şirkət haqqında

“Bakstone” istehsalçı şirkət kimi 2014-cü ildən fəaliyyətə başlayıb. İlk olaraq suvaqsız hörgü daşlarının istehsalı və satışı ilə məşğul olan şirkət, zaman keçdikcə fəaliyyətini daha da genişləndirmiş və qısa müddət ərzində təmir-tikinti sektorunda qabaqcıl yerlərdən birini tutmuşdur. “Bakstone”nun istehsalatında kərpiclər, hörgü daşları, divar daşları ön plandadır və istehsal etdiyi məhsulların ölkə bazarında keyfiyyətinə görə xüsusi yeri var. Sözsüz ki, şirkət öz tikililərində də istehsal etdiyi məhsullara üstünlük verir. Bu məhsullar isə Avropanın istehsalatı ilə qabaqcıl ölkələrindən olan Almaniya texnologiyası ilə hazırlanır. Hazırda “Bakstone” fərdi yaşayış sahələri daxil olmaqla, iri obyektlərin və dövlət-strateji obyektlərinin təmir-tikinti işləri ilə də məşğuldur. Şirkətin 20 yə qədər ofis işcisi, 30 dan cox usta və fəhlə kollektivi var. “Bakstone” şirkətinin “Bakstone Designo” otelyesində isə peşəkarlar Eskiz layihə, Layihələndirmə, Landşaft dizayn, İnteryer dizayn, Eksteryer dizayn işləri ilə məşğuldurlar. Şirkətin əsas üstünlüklərindən biri də sərfəli şərtlərlə, hissə - hissə ödəmə imkanı yaradaraq xidmət göstərməsidir ki, bu da qısa müddət ərzində yüksək satışla nəticələnmişdir və bu qısa müddət ərzində müəyyən müştəri bazası yaratmışdır. Bu gün şirkətin yüzlərlə komfortlu tikilisini müştərilər böyük məmnuniyyətlə və razılıqla istifadə edirlər.

Müsahibə: Bakstone tikinti sektorunda bir qənaət markasıdır
Tam versiya26.10.2015
Tikinti sektorunda yenilik, keyfiyyət, qənaət parametrləri ilə bazara daxil olan Bakstone şirkətinin fəaliyyətinə, gələcək planlarına Bakstone MMC-nin baş direktoru Emin Məmmədovla müsahibəmizdə aydınlıq gətirdik.

Cənab Məmmədov, başqa sahədə işləmisiniz, bəs inşaat sektorunda çalışmaq ideyası necə yarandı?

Azərbaycanda bu sahəyə təlabat yüksəkdi, həm də bir maraq yarandı, desəm daha düzgün olar. Bir qədər bazarı araşdırdıq və mərhələli şəkildə bu sahədə fəaliyyətə başladıq. Bazarda yerli, xarici şirkətlər çox olsa da, yenə də müəyyən sahələr var ki, orada yeni biznes üçün imkan və şərait mövcuddur. Biz ilk öncə daş karxanası açdıq, sonra inşaat sahəsinin başqa bölmələrində iş perseptivlərini müzakirə etdik. Düşünürəm ki, inkişafla bağlı qarşımıza qoyduğumuz məqsədlərə doğru irəliləyirik və düzgün marketinq bizi bu sahədə ön mövqelərə çıxara biləcəkdir.

Bakstone markası ilə hava boşluqlu hörgü daşları istehsal edirsiniz. Belə bir məhsulun bazara çıxarılması fikri kimə məxsusdu?

Bu ideya mənim xarici səfərlərimdən biri zamanı iştirak etdiyim tikinti sərgisində yarandı. Beləki, hava boşluqlu hörgü bloklarını istehsal edən alman texnologiyası ilə tanış oldum. İnternet vasitəsilə həmin avadanlığın parametrlərini, işləmə funksiyalarını öyrəndim. İstifadə etdiyimiz mişar daşı xammalını götürüb Almaniyaya getdim. Orada laboratoriyada xammalımızı sınaqdan keçirdilər və mənə bildirdilər ki, bu, hava boşluqlu hörgü daşlarının istehsalı üçün yararlıdır. Düzdür, istehsal prosesində xammala bəzi əlavələr olunur, amma əsas xammal mişar daşıdır. Bundan sonra hesablamalar apardıq və iqtisadi cəhətdən mənfəətliliyini yəqin edəndən sonra artıq ölkəmizdə istehsalına qərar verdik.

Yeni məhsulu bazar necə qarşıladı? Alıcılar ilk dəfə gördükləri materialı almağa tərəddüd etdilərmi?

Təbii ki, ilk vaxtlar çətinliklərlə üzləşdik, çünki alıcılar bu məhsulu tanımırdılar. Halbuki, hava boşluqlu hörgü daşları Avropada, Türkiyədə, Rusiyada çox populyardır.Təsəvvür edin ki, Avropanın 50 faizi bu daşlarla tikilib. Ona görə də məlumatlandırma sahəsində gərgin çalışmağa başladıq. Müştərilərlə apardığımız söhbətlər, təbliğatlar öz bəhrəsini verdi. Əminliklə deyə bilərəm ki, hazırda bizim məhsulumuz ölkəmizdə ən sərfəli hörgü materialıdır.

Hava boşluqlu hörgü daşlarının ənənəvi hörgü daşlarından əsas fərqli xüsusiyyətləri hansılardır?

Dözümlülük parametrləri çox yüksəkdir və buna istehsalçı kimi tam zəmanət veririk. Standartlara görə, hörgü daşlarının sıxlığı 33-35-dən aşağı olmamalıdır. Bizim məhsullarımızda isə bu göstərici 3 dəfə daha yüksəkdir və 100 markadır. Hava boşluğunun olması isə ona əlavə üstünlüklər qazandırır. İlk növbədə bildiyimiz kimi, hava ən yaxşı izolyatordur. Hava boşluğu evdə istilik enerjisinə qənaət etməyə imkan verir. Qışda evin tez qızdırılmasına, soyumamasına, yayda sərin saxlamağa səbəb olur. Məsələn, siz mişar daşı ilə tikilən evi 5-6 saata qızdırdığınız halda, Bakstone ilə tikilən evlər 2-3 saata isinir. Həmçinin qızdırıcı sistemi söndürdükdən sonra 1 saat keçdikdə mişar daşı ilə tikilən ev soyuyur, hava boşluqlu hörgü daşları isə istiliyi 6-7 saat qoruyub saxlayır. Ortalama hesablasaq, 50 faiz enerjiyə qənaət etmiş oluruq. Daha bir üstünlüyü ondadır ki, üzü hamar olduğu üçün hörgü zamanı az sement istifadə edilir, həmçinin suvağa ehtiyac qalmır. Nəticədə divarın hər iki üzünə hər bir kvadrat metrdə 8 AZN qənaət etmiş olursunuz. Hesablasaq, 100 kvadrat metrlik evdə suvaqdan imtina nəticəsində 2500 manat qənaət deməkdir, nəzərə alın ki, bu məbləğ isə evin damının xərci deməkdir.

Bu tikinti materialı əsasən hansı obyektlərin inşası üçün nəzərdə tutulur?

Çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, ümumiyyətlə, harda hörgü varsa, orada Bakston məhsulunu istifadə etmək olar.

Bakstone ekoloji cəhətdən təmiz məhsul hesab olunur...

Bəli. Tərkibində heç bir kimyəvi qatqı yoxdur, əsas hissəsi mişar daşı və sementdən ibarətdir. Sıxma və vibrapres üsulu ilə hazırlanır. İstehsaldan sonra 28 gün ərzində qurumada olur. 6133-99 QOST standartı əsasında istehsal edilir.

Şirkətiniz həm də “Torpaq sizdən, tikmək bizdən” şüarı ilə hazır evlər təklif edir. Bu evlərin tikilməsi və qiyməti ilə bağlı məlumat verməyinizi xahiş edirik.

Bu gün fərdi evlərin tikintisi ilə məşğul olan şirkətlər çoxdur. Biz fərqli bir iş görmək istədik, sifarişçinin torpağını kreditləşdirdik və həmin sahədə ev tikintisini öz üzərimizə götürdük. Bu gün 45 kvadrat metrlik belə ev tikirik və bunun qiyməti 13 min AZN edir. Hesab edirəm ki, bu, hazırki şəraitdə qiymət baxımından çoxlarını razı salan bir məbləğdir.

Evlər təmirlidir, yoxsa...

Tam təmirsiz də demək olmaz. Çünki evlər döşəmə, elektrik naqilləri, santexnika, izolyasiya, dam, pəncərə, giriş qapısı ilə birlikdə istifadəyə verilir, müştəriyə isə yüngül kosmetik işlər qalır. İstənilən halda, təmir işlərini də kreditləşdirə bilərik. Şirkətimizdə bu istiqamət üzrə memarımız, layihəçimiz və tikinti komandamız fəaliyyət göstərir. Müqavilə imzalandıqdan sonra əməkdaşlarımız sifarişçi ilə birlikdə yerli icra orqanına yaxınlaşır, yalnız hökumət rüsumu ödənilməklə, heç bir problemsiz evin tikintisinə başlayırıq. Qeyd edim ki, qanunla evin hündürlüyü 11 metr 90 santimetri və aşırımları 6 metri keçmirsə, həmin evin tikintisi üçün Fövqəladə Hallar Nazirliyindən, o cümlədən, heç bir icra orqanından icazə almağa ehtiyac yoxdur.

Perspektivdə məhsul və xidmət sferasında yeni layihələr gözlənilirmi?

İnşaat sekturuna aid yeni bir məhsul buraxmaq fikrimiz var. Bu istiqamətdə işlər gedir. Həmçinin ev tikintisi ilə bağlı müştərilərimizi yeni sərfəli təkliflər gözləyir.

Müsahibə: Emin Məmmədov: Tikinti sektorunda sənədləşmənin ASANlaşmasına ehtiyac var
Tam versiya19.08.2016
Oxu.Az-ın suallarını “Bakstone” şirkətinin direktoru Emin Məmmədov cavablandırır.

Emin müəllim, əvvəlcə oxucularımızı rəhbərlik etdiyiniz “Bakstone” şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verə bilərsinizmi?

Şirkətimiz tikinti sektorunda çoxdan fəaliyyət göstərsə də, “Bakstone” brendi olaraq 2014-cü ildə yaradılıb. Şirkət kimi suvaqsız hörgü daşlarının istehsalı və satışı ilə məşğuluq. Bu texnologiyanı Azərbaycanda ilk tətbiq edən şirkət kimi biz həm də fərdi evlərin tikintisi işləri ilə də məşğuluq

Müştərilərə təklif etdiyiniz məhsullar milli və beynəlxalq standartlara nə dərəcədə uyğundur? Hansı ölkələrlə əməkdaşlıq edirsiniz?

“Bakstone” suvaqsız hörgü daşlarında heç bir suvaqdan istifadə olunmur. Bizim təklif etdiyimiz məhsullar Azərbaycanda ilk dəfə tətbiq edilsə də, dünya praktikasında çoxdan var və geniş yayılıb. Sıxma üsulu ilə çiy kərpicin istehsalı və istehlakı Avropada, xüsusilə də Almaniyada 1880-ci illədən istifadə edirlər. Biz isə bu məhsulu Azərbaycanda məhz yerli və beynəlxalq standartları tətbiq etməklə ilk istehsal edən şirkətik. Kərpiclər üçün xammalı öz karxanalarımızdan əldə edirik. Qaradağ, Şamaxı, Zirə ərazisində belə karxanalarımız var. Zavodumuzda avtomatlaşdırma olduğundan birbaşa insan əməyindən çox az istifadə olunur. 8 nəfər bütün zavodda istehsal prosesini idarə edir. İstehsal həcmi təklifə əsasən formalaşır. Məhsul birbaşa olaraq müştərinin ünvana çatdırılır. Bunun üçün texnikalarımız da var.

Neçə adda məhsul istehsal edirsiz? Çeşidlər çoxdur?

İstehsal etdiyimiz kərpiclərin təyinatına görə, ölçüləri dəyişir. 6-7 fərqli formada istehsal aparılır. Tikintidə çöl, yaxud iç divarda istifadə olunmasından asılı olaraq, bu məhsullar buraxılır.

Müştəriləriniz kimlərdir? Dövlət orqanlarından sifarişlər alırsınızmı?

Müxtəliflik çoxdur. Tikinti şirkətləri də, xüsusilə, fərdi yaşayış evlərinin tikintisində bizim məhsullardan çox istifadə edir. Həmçinin “Bakstone” özü də fərdi yaşayı evlərinin tikintisi ilə məşğul olur. Tam sıfırdan müştəri üçün heç nəyə qarışmadan evlər tikilir, təmir olunur və təhvil verilir. Həmin tikililərdə də öz məhsulumuzdan istifadə edirik. Bu qiymətlərin də sərfəli olmasına gətirib çıxarır.

Fərdi yaşayış evlərinin tikintisinin hansı prosedurlarla icra edirsiz?

Tikinti çətin bir posesdir. Amma bizim üçün yox! Bizim işimiz elə odur ki, müştərini tam razı sala bilək. Müştəri bizə müraciət edir. Ofisimizdə onun sualları cavablandırılır. Biz ona layihələr təqdim edirik. “Bakstone Designo” adlı atelyemiz var. Burada dizayn eksteryer, interyer, landşaft dizaynı həyata keçirilir. Peşəkar dizaynerlərimiz, memarlarımız var. Onlar tikilən binanın konstruksiyası, bütün quruluşu və s. məsələlərə cavabdehlik daşıyırlar. Birinci növbədə, evin layihəsi, xüsusilə də iç layihəsi önəmlidir. Sifarişçinin rahatlığı əsasdır. Elə ola bilər ki, bizim hazır proyekti müştəri bəyənməyə də bilər. Bu zaman biz ona tam yeni layihə hazırlayırıq.

Layihə bəyənildikdən sonra hesabat şöbəsində sənədlər hazırlanır və qiymət razılaşdırılır. Müqavilə bağlandıqdan sonra müştəri heç yerə getmir. Onun əvəzində bütün işləri biz görürük. Hətta biz sifarişçiyə tikili üçün sənədlərin toplanması işini də həyata keçiririk. Müştəri var ki, heç Azərbaycanda deyil, xaricdədir. Ev hazır olduqdan sonra ona təhvil verilir. Həm yaşayış, həm də bağ, villa tipli evlərin tikintisi üçün müraciət edənlər çoxdur. Hətta biz evləri kreditlə də tikirik.

Kreditlə şərtləriniz necədir?

Sifarişçi tam məbləği öncədən ödəməyə də bilər. 50 faiz ilkin ödəniş etməklə qalan məbləği 3 il ərzində faizsiz vermək mümkündür. Məsələn, 52 kvadratmetrlik ev 20 min manata başa gəlirsə, ilkin ödəniş 10 min manat, qalan pul isə 36 aya 278 manata verilir. Hər bir şəraiti ilə təmin olunur.

Bu gün bina evlərində qiymətlər olduqca bahadır. Ev sahibi olmaq istəyən gənc ailələr də öz maddı güclərinə uyğun fərdi evlər tikməkdə maraqlıdırlar. Tikdiyiniz evlər neçəyə başa gəlir?

Layihələr müxtəlifdir. 20 min manatdan başlayaraq 40-50-60 min manatlıq, bahalı evlərdə yarım milyonluq layihələrimiz də var. Biz hər bir müştəri ilə əməkdaşlıq edirik. Hazırda təklif etdiyimiz qiymətlər yeni tikilən binalardan daha sərfəlidir. Sifarişçinin torpaq sahəsi varsa, yeni binalarda 100 kvadratmetr təmirsiz mənzil almaqdansa, biz ona həmin qiymətə 150 kvadratmetr təmirli ev verə bilərik.

Bəs təmir üçün istifadə etdiyiniz məhsullar, avadanlıqlar haradan gətirilir? Yerli, yaxud xarici məhsullara üstünlük verirsiz?

Bütün istifadə etdiyimiz materialların keyfiyyətinə zəmanət verilir. Beton, hörgü işlərinə “Bakstone” müqavilə ilə rəsmi olaraq 55 il zəmanət verir. Təmir işlərinə isə 3 il zəmanət veririk. Metal dam örtüklərimiz Avropa məhsuludur. Pəncərələr, santexnika məhsulları Türkiyə istehsalıdır.

Devalvasiya sizin işinizə nə dərəcədə təsir edib? Xidmətlərinizin qiymətlərində artım varmi?

Birinci devalvasiyadan sonra kreditlə xidmətlərimizdə ümumilikdə 8-10 faiz artım oldu. Nağd ödənişlərdə isə əksinə, qiymətlərdə endirim var. Hələ ki, əlimizdə olan məhsullardan istifadə edirik. Anbarlarda materiallar var. Çalışırıq ki, mövcud qiymətləri tarazlayaq. Qaydalarımıza görə biz müştərilərimizlə müqavilələri manatla bağlayırıq. Dolların kursu hansı səviyyədə olsa belə, bu ödənişlərə təsir etmir və etməyəcək də. Müştəri bundan sığortalıdır. Müştərilərimizin yarısı bizimlə kredit, yarısı isə nağd müqavilələr bağlayıb. Ödənişlərdə də hələ ki, problem yaşanmır.

Kadrlarınızı hansı kriteriyalarla və necə seçirsiz? Sizə istədikdə işçi tapmaq çətin olmur ki?

Yaxşı işçi tapmaq çətin məsələdir. Amma biz çalışırıq ki, işçilərimizi seçərkən bilik və bacarıqlarına daha çox diqqət verək. Kadrlarımızın ən azı 10-15 illik təcrübələri var. Ümumilikdə kollektivimiz 72 nəfər işçidən ibarətdir. Dizayner və memarlarımız var. Orta aylıq əmək haqqımız 600 manat civarındadır. İnşaat Universitetindən tələbələr bizə təcrübəyə gəlir. Onların da yeni texnologiyaları öyrənməsinə şərait yaradırıq.

Yalnız Bakı ərazisində tikinti aparırsız? Regionlarda da fəaliyyət göstərirsiz?

Xeyr, regionlarda da layihələrimiz var. Müraciət edənlər olarsa, tam və yüksək səviyyədə tikinti-təmir işləri apara bilirik.

Tanıtımınızı necə qurursuz?

Sərgilərdə iştirak edirik. Tikinti şirkətləri ilə görüşlər keçiririk. Ən əsası isə müştərilərimizlə sıx əlaqəmizi qorumaq üçün tikinti sahələrinə tez-tez gedir, onların ekskursiyalarını təşkil edirik. Sosial şəbəkələrdə səhifələrimiz aktivdir.

Bu ildən başlayaraq ölkədə tikinti sektorunda vergi sistemində dəyişikliklər oldu. Bu işinizə təsir edibmi? Ümumiyyətlə, daha hansı qayda və qanunlarda dəyişikliklərin edilməsini istərdiniz?

Bəli, yeni qaydalar işimizə birbaşa olmasa da ümumiyyətlə təsir etdi, amma qlobal şəkildə deyil. Özümüz istehsal etdiyimiz məhsulların vergisini tam şəkildə ödəyirik. Xaricdən aldığımız məhsulların üzərinə qoyulan vergi isə müvafiq qaydada ödənilir. Ümumiyyətlə, hər bir tikdiyimiz ev bizim üzümüz, reklamımız, adımızdır. Ona görə də çalışırıq ki, hər bir işi qayda-qanunla və keyfiyyətli şəkildə edək. Prosedurlara görə tikintiyə başlamazdan öncə biz müvafiq razılıq alırıq. Amma bu bir aya qədər uzana bilər. Bu istiqamətdə sadələşdirmə olarsa, tezləşdirmə üçün bu xidmətlər də ASAN xidmətə verilsəydi, çox yaxşı olardı. Həm şəffaflıq, həm də ASAN əlçatanlıq təmin olunardı. Ümid edirik ki, tezliklə bizim də işimiz sözün bütün mənalarında ASANLAŞACAQ.