Konstruktivist memarlıq

Konstruktivist memarlıq

Konstruktivizm cərəyanının vətəni SSRİ hesab edilir. Oktyabr inqilabından sonra meydana çıxan bu cərəyan 1930-cu illərin birinci yarısına kimi davam edib. Ardınca başda Almaniya və Hollandiya olmaqla bir sıra başqa ölkənin memarlıq və tətbiqi incəsənət sahələrinə təsir göstərib.

Bu üsluba xas xüsusiyyətlər: sadəlik, aydınlıq, funksionallıq, əlçatanlıq, lakonik formalar, qənaət və monolit xarici görünüş. Göstəriş və dəbdəbədən uzaq olan bu üslubda ümumi bərabərlik saxlanılır, tikili və ya dizaynın məqsədyönlü olmasına əhəmiyyət verilir. Lazımsız divarlardan imtina edilir, onların əvəzinə yeri dəyişdirilə bilən arakəsmələrdən istifadə olunmağa, otaqlar ümumi məkana birləşdirilməyə başlanılıb.

Əsas həndəsi formalar: kvadrat, dairə üçbucaq. Dalğalı xətlər, bəzəklər və ornamentlərə yer verilmir.

Əsas materiallar: daş, metal, plastik və taxta.

Əsas rənglər: boz, ağ, qara və qəhvəyi.

İlk nümunələri: 1852-ci ildə Londonda beynəlxalq sərgi üçün inşa edilmiş “Büllur saray”, 1889-cu ildə Parisdə Ümumdünya Sərgisi üçün ucaldılmış Eyfel qülləsi.

Yeri gəlmişkən, Bakı dünyanın azsaylı konstruktivizm memarlığı mərkəzlərindən biridir. Bakı konstruktivizmi klassik tərzə xas özünəməxsusluğu və yüngüllüyü ilə seçilir. SSRİ-nin soyuq şəhərlərindən fərqli olaraq, paytaxtdakı konstruktivizm nümunələri sərt deyil, şıqlığı ilə göz oxşayır.