Memarlığa istiqamət verən qadın - Zaha Hadid

“Əyri xəttlərin kraliçası” kimi adlandırılan və memarlığa istiqamət verən qadın...


O, özünəməxsus üslubu, xarakterik xüsusiyyətləri və memarlığa gətirdiyi yeni həyəcanla dizayn ikonu sayılırdı. Layihələri memarlıq məktəblərində tədris olunan Zaha Hadid memarlıqda kişi hegemonluğuna son qoyan və mühafizəkar qaydaları ləğv edən qadın kimi öz adını tarixə qızıl hərflərlə yazdırdı.

Bəs Zaha Hadid kim idi və niyə bu qədər önəmli memar sayılırdı? Mühəndislərin qarşı çıxdığı və “Edə bilməzsən!” dediyi layihələri necə ərsəyə gətirdi?

Riyaziyyat və memarlığın sintezi


Onun uğurunun və üslubunun ən mühüm səbəblərindən ən başlıcası, şübhəsiz ki, iki sənəti - riyaziyyat və memarlığı öyrənməsi və sintez etməsi idi. Zaha Hadidin əsərləri arasında “Malevich Tectonics” adı ilə hazırladığı layihəsini buna sübut göstərmək olar.

1977-ci ildə diplomunu alan bu gənc və həvəsli memar müəllimləri ilə birlikdə memarlıq ofisində işləməyə başlayır. 1980-ci ildə “Zaha Hadid Architects” adı ilə öz ofisini yaradan Zaha bu ofisi memarlıq studiyasına çevirərək orada əsl məktəb mühiti yaratdı. Memarın həyatını dəyişən hadisələrdən biri də Honq-Konqda keçirilən klub dizaynı müsabiqəsində qalib olması idi.

1993-cü ildə inşa edilən Vitra Yanğın Stansiyası Zaha Hadidin reallığa çevrilən ilk layihəsi idi. Xam betonun istifadə edildiyi layihə kəskin xətləri ilə çox maraqlı dizayna sahibdir. Vitra Yanğın Stansiyası dekonstruksiya hərəkatının təsirlərinin də göründüyü bir şah əsər sayılırdı.

"Pritzker Memarlıq Mükafatı"nı alan ilk qadın memar


Zaha Hadid parametrik dizaynla hazırladığı bütün layihələrində həmişə təbiətdən ilham aldığını vurğulamışdır. O, getdiyi bu yolda nəinki memarların, müxtəlif sahələrdən olan insanların da rəğbətini qazanmışdı. Bu, ona 2008-ci ildə “Forbes” jurnalının “100 ən güclü qadın” siyahısında yer almağına da şərait yaratmışdı. Həyatı bu kimi uğurlarla dolu olan Hadid 2004-cü ildə memarlıq sahəsində ən mühüm mükafat kimi tanınan "Pritzker Memarlıq Mükafatı"nı alan ilk qadın memar olmuşdur.

Ən məşhur tarixi əsərləri


2016-cı ildə ürək tutması nəticəsində həyatını itirən Zaha Hadid memarlıq dünyasına gətirdiyi bənzərsiz əsərləri ilə yaşamağa davam edəcək. İndi isə bir neçə tanınmış əsərlərinə birlikdə göz gəzdirək:

- Vitra Yanğın Stansiyası


- MAXXI Muzeyi


- BMW Qərargah Binası


- Heydər Əliyev Mədəniyyət Mərkəzi


- Tokio Olimpiya Stadionu


- London Su İdmanı Mərkəzi


- Galaxy SOHO


- Phaeno Elm Mərkəzi


- Guangzhou Opera Evi


- Riversayd Muzeyi